7 aprel 2026-cı il
2-ci "Uşaq Teatrı Festivalı"
Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Teatr Xadimləri ittifaqının təşkilatçılığı ilə 7 aprel 2026-cı il tarixində 2-ci "Uşaq Teatrı Festivalı" keçirilib. Tədbir Milli Teatr Gününün 153-cü ildönümünə həsr olunub.
Festival 6–14 yaş arası uşaqlar üçün nəzərdə tutulub.
Layihənin rəhbəri Fərid Bağırov, ideya müəllifi Tural Əliyevdir. Festivalın proqramı uşaqların teatr sənətinə marağını artırmaq, onların estetik zövqünü formalaşdırmaq və yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyıb.
Festival çərçivəsində uşaqlar nağıl qəhrəmanlarını canlandıraraq həm əyləncəli, həm də maarifləndirici səhnə çıxışları ilə tamaşaçı qarşısına çıxıblar. Tədbir iştirakçılara komanda ruhunda çalışmağı, səhnə mədəniyyətini və özünüifadə bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.
Bu il festivalın ən mühüm yeniliklərindən biri inklüziv iştirak modelinin tətbiqidir. Belə ki, həssas kateqoriyaya aid uşaqlar da festivalda yer alıb, digər iştirakçılarla birgə səhnəyə çıxaraq öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər.
Bu təşəbbüs inklüziv mədəniyyətin təşviqinə, bütün uşaqların bərabər iştirak hüququnun təmininə və onların cəmiyyətə inteqrasiyasına xidmət edir.

